Arayıb ondan ötrü Qobustanı
Oxudum dərdli, Cavadlı dastanı
Yaradıb barlı, bəhərli bostanı
Qələminə əhsən olsun a şair!
Şairlər vətəni bizim Şirvandı
Hikmətli sözləri böyük karvandı
Cavad əmi, bu karvana sarvandı
Qələminə əhsən olsun a şair
Şair doğulmusan vallah anadan
Dərdsiz idin əzəlindən, binadan
Kökləndin dərdinə bəli, sonradan
Qələminə əhsən olsun a şair!
Ovçusan gəzmisən dağı, aranı
Seçmisən həmişə ağı, qaranı
Dərdinmi sızladır yoxsa yaranı?
Qələminə əhsən olsun a şair!
Söz qoşursan vətəninə, elinə
Heyranam səndəki şirin dilinə
Fələk toxunmaya bağın gülünə
Qələminə əhsən olsun a şair!
Loğmansan, məlhəmdir sözünün xeyri
Sənətkar şairsən yazgınan şeri
Müqəddəs zirvədir qələmin yeri
Qələminə əhsən olsun a şair!
Rəfail səninçün yazdı sözünü
Tanıdı elinin görən gözünü
Sanmakı qocasan, nolar özünü
Qələminə əhsən olsun a şair!
Müəllif: Rəfail Məmmədli
|